Xəbərlər
AzMİU-da narkotik vasitələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə tələbələr arasında sağlam həyat tərzinin təbliği və narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüş keçirilib.
Görüşdə THİK-in sədri Şahmar Rəfili, universitetin müəllimləri və tələbələri iştirak ediblər. Tədbir çərçivəsində narkotik vasitələrin insan sağlamlığına, psixoloji durumuna və cəmiyyətlə münasibətlərinə mənfi təsirləri barədə ətraflı söhbət aparılıb.
Çıxışlar zamanı narkotik asılılığının yaratdığı problemlərin yalnız şəxsin özü ilə məhdudlaşmadığı, eyni zamanda ailə münasibətlərinə və cəmiyyətin rifahına da ciddi təsir göstərdiyi diqqətə çatdırılıb. Gənclərin bu mövzuda maarifləndirilməsinin, onların zərərli vərdişlərdən uzaq durmasının və sağlam həyat tərzinə üstünlük verməsinin vacibliyi vurğulanıb.
Maarifləndirici görüş zamanı narkomaniyanın ağır fəsadlarını əks etdirən qısametrajlı film nümayiş olunub. Həqiqi hadisələrdən ilhamlanaraq hazırlanan ekran işi narkotik vasitələrdən istifadənin insan həyatında doğura biləcəyi acı nəticələri əks etdirib və iştirakçılar tərəfindən maraqla izlənilib.
Tədbirin sonunda qeyd olunub ki, bu kimi görüşlər gənclərin zərərli vərdişlərdən qorunması, narkotik vasitələrin təhlükələri haqqında düzgün məlumatlandırılması və sağlam həyat prinsiplərinin formalaşdırılması baxımından mühüm rol oynayır. Belə təşəbbüslərin həyata keçirilməsi gənc nəslin sağlam və təhlükəsiz gələcəyinə töhfə verir.







