Xəbərlər
AzMİU IV Zəfər İdman Festivalına yekun vurulub

Azərbaycan Memarlıq və İnşaat Universiteti İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən AzMİU IV Zəfər İdman Festivalına yekun vurulub.
8 Noyabr - Zəfər Gününə həsr olunmuş festivalın mükafatlandırma və bağlanış mərasimi keçirilib. 300 nəfərə yaxın tələbə-idmançının iştirak etdiyi festivalın son günündə futzal yarışlarının qalibləri müəyyənləşib.
Üçüncü yer uğrunda qarşılaşmada Mexanika və İnformasiya texnologiyaları fakültəsinin komandası İnşaat fakültəsi komandasına qalib gələrək festivalın bürünc medalına sahib olub.
Daha sonra keçirilən final qarşılaşmasında Nəqliyyat fakültəsinin komandası Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi komandası üzərində inamlı qələbə qazanaraq dördüncü dəfə keçirilən ənənəvi Zəfər İdman Festivalının qalibi olub.
Final görüşündən sonra AzMİU IV Zəfər İdman Festivalının voleybol (oğlanlar və qızlar), basketbol 3X3 (oğlanlar və qızlar), güləş və futzal yarışlarında yer tutan komandaların və idmançı tələbələrin mükafatlandırılma mərasiminə başlanılıb.
Mərasimdə fəxri qonaq qismində bu yaxınlarda Qazaxıstanın paytaxtı Astanada keçirilən yunan-Roma güləşi üzrə 5 qat dünya çempionu olmuş Eldəniz Əzizli, futbol üzrə U18 milli komandamızın baş məşqçisi Mahmud Qurbanov, qapıçılar üzrə məşqçisi Nadir Şükürov və futbol üzrə milli komandamızın keçmiş kapitanı Tərlan Əhmədov da iştirak ediblər.
Sonda qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub. Bağlanış mərasiminə atəşfəşanlıqla yekun vurulub.










