Xəbərlər
AzTU-da Ulu Öndərin 103 illiyinə həsr olunmuş XIII Spartakiadanın bağlanış mərasimi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tələbələr arasında keçirilən XIII Spartakiada başa çatıb. AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və AzTU İdman Klubunun təşkilatçılığı ilə keçirilən bağlanış mərasimində ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Spartakiada çərçivəsində tələbələr futbol, voleybol, stolüstü tennis, dama, şahmat, basketbol və sərbəst güləş idman növləri üzrə mübarizə aparıblar.
Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, Spartakiadanın keçirilməsi universitetdə artıq ənənəyə çevrilib və tələbələr tərəfindən hər il böyük maraqla qarşılanır. Qeyd olunub ki, yarışların əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviqi, onların vətənpərvər ruhda formalaşdırılması, həmçinin tələbələr arasında birlik və komanda ruhunun gücləndirilməsidir.
Sonda yarışlarda fərqlənən komandalar və iştirakçılar diplom, medal və kuboklarla təltif olunublar.
Qeyd edək ki, tələbələr arasında 7 idman növü üzrə təşkil olunan yarışlarda ümumilikdə 284 tələbə iştirak edib.












