Xəbərlər
AzTU-da Ulu Öndərin 103 illiyinə həsr olunmuş XIII Spartakiadanın bağlanış mərasimi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş AzTU əməkdaşları və tələbələri arasında keçirilən XIII Spartakiada başa çatıb. AzTU Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və AzTU İdman Klubunun təşkilatçılığı ilə keçirilən bağlanış mərasimində ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Spartakiadada iştirak edən AzTU əməkdaşları futzal, voleybol, stolüstü tennis, dama və şahmat, tələbələr isə futbol, voleybol, stolüstü tennis, dama, şahmat, basketbol və sərbəst güləş üzrə yarışıblar.
Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, Spartakiadanın keçirilməsi artıq universitetdə ənənəyə çevrilib və hər il böyük maraqla qarşılanır. Qeyd olunub ki, yarışların keçirilməsində əsas məqsəd Azərbaycanın uğurlu idman siyasətinə dəstək göstərmək, gənclərin sağlam və vətənpərvər ruhda yetişməsinə töhfə vermək, eləcə də universitet əməkdaşları və tələbələr arasında birlik və komanda ruhunu gücləndirməkdir.
Daha sonra qaliblərə mükafatlar təqdim olunub. Qalib komandalar və iştirakçılar diplom, medal və kuboklarla təltif olunublar.
Qeyd edək ki, əməkdaşlar arasında 5 idman növü üzrə keçirilən yarışlarda ümumilikdə 198 nəfər iştirak edib. Tələbələr arasında isə 7 idman növü üzrə təşkil olunan yarışlarda 284 tələbə mübarizə aparıb.







