Xəbərlər
Bakı Dövlət Peşə Təhsil Mərkəzində 750 tələbənin birgə səsi: Tələbə Həmkarlar İttifaqı Komitəsi yarandı

11 iyunda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təsis yığıncağı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yığıncaq iştirakçılarını salamlayan Peşə Təhsil Mərkəzinin direktor əvəzi Səbinə Hacıyeva tədbirə qatılan qonaqları təqdim edib, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin adından iştirakçıları salamlayıb və həmkarlar ittifaqları tərəfindən həyata keçirilən layihələr, görülmüş işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. Yığıncağın gündəliyi səsə qoyularaq yekdilliklə qəbul olunub.
Ardınca Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi seçilib. Komitənin tərkibinə 11 nəfər, təftiş komissiyasına isə 3 nəfər üzv seçilib. Tələbələrin yekdil qərarı ilə Dadaş Şeydayev Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr vəzifəsinə seçilib.
Tədbirdə çıxış edən ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov Peşə Təhsil Mərkəzində tələbələrin təhsil, sosial və iqtisadi hüquqlarının qorunması istiqamətində görüləcək işlərdən danışıb və bu fəaliyyətin davamlılığının vacibliyini vurğulayıb. Konfransda tələbələrin həmkarlar ittifaqına artan marağı və təşkilatlanma prosesinə fəal qoşulması xüsusi qeyd olunub.
750 tələbənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sıralarına qoşulması bu sahəyə olan etimadın və təşkilatın nüfuzunun göstəricisi kimi dəyərləndirilib.





