Xəbərlər
Bakı Dövlət Universitetində (BDU) Respublika Fənn Olimpiadalarının (RFO) humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, qaliblərin qazandığı uğurların arxasında böyük zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyət dayanır. Nazir müavini qeyd edib ki, olimpiada iştirakçılarının əldə etdiyi nailiyyətlər yalnız medal və mükafatlarla ölçülmür, onların qazandıqları bilik, bacarıq və düşüncə tərzi gələcək uğurlarının əsasını təşkil edir.
BDU-nun rektoru Elçin Babayev çıxışında Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsildə də ardıcıl və məqsədyönlü inkişafın müşahidə olunduğunu bildirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğının nəticəsində ölkəmizdə həm orta, həm də ali təhsil səviyyəsində mühüm uğurlar əldə edilir. Respublika Fənn Olimpiadalarının mükafatlandırılması mərasimi də həmin dövlət siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir.
Sonra tədbirdə mükafatlandırma mərasimi keçirilib. Humanitar fənlər üzrə qalib olan şagirdlərə 32 qızıl, 62 gümüş və 89 bürünc medal təqdim olunub.






















