Xəbərlər
Bakı Dövlət Universitetində “Məzun Günü” qeyd olunub
İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) “Məzun Günü” tədbiri keçirilib. “Son zəng” tədbirinin açılışında hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək universiteti uğurla başa vuran məzunları təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor məzunların ölkənin inkişafında fəal rol oynayacaqlarına əminliyini ifadə edib.
Tədbirdə məzunlar adından dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Oksford və Kembric universitetlərinə qəbul olunan gənclərin də çıxışları dinlənilib.
Mərasimdə fakültələr və SABAH qrupları üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) malik 34 tələbəyə sertifikatlar təqdim olunub. Həmçinin Bakı Dövlət Universiteti ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında həyata keçirilən “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramını uğurla başa vuran məzunlara diplomlar təqdim edilib.
Tədbir tələbələrin iştirakı ilə hazırlanan bədii proqramla davam edib.



