Xəbərlər
Bakı Musiqi Akademiyasında “Yeni il sədaları” adlı bayram konserti keçirildi

27 dekabr 2025 ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Yeni il sədaları” adlı bayram konserti təşkil olundu.
Bayram konsertində Bakı Musiqi Akademiyasının bir neçə yaradıcılıq kollektivi, o cümlədən BMA-nın birləşmiş tələbə xoru, musiqi müəllimlərinin xoru, SABAH qruplarının musiqişünas və instrumental ifaçılıq tələbələrindən ibarət xor kollektivləri, eləcə də şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xoru çıxış edib. Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi şəhid övladlarına bayram hədiyyələrinin təqdim edilməsinin təşkil etmişdir.
Tədbirin sonunda xüsusi anlar yaşandı.
Belə ki, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Dövlət mükafatları laureatı, pianoçu, professor Fərhad Bədəlbəylinin doğum günü münasibətilə sürpriz təşkil olunmuşdu.
Xor kollektivi tərəfindən kollektiv mahnı ifa olunaraq rektor təbrik edilib. Zalda olan tamaşaçılar bu anı gurultulu alqışlarla qarşılayıblar.
Fərhad Bədəlbəyli göstərilən diqqət və səmimi təbriklərə görə təşəkkürünü bildirərək, kollektivə və tələbələrə yaradıcılıq uğurları arzulayıb.
Bayram konserti tamaşaçılarda xoş təəssürat yaradaraq, yüksək əhval-ruhiyyə ilə başa çatdı.






