Xəbərlər
Bakıda III Milli Təhsil Zirvəsi keçirilib

11 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin dəstəyi ilə Bakı Slavyan Universitetində “Təhsildə rəqəmsal transformasiyalar” mövzusunda III Milli Təhsil Zirvəsi keçirilib.
Zirvədə dövlət rəsmiləri və 400-ə yaxın təhsil ictimaiyyəti nümayəndəsi iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib.
Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxışında təhsilin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq, beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübənin tətbiqinin Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını bildirib.
Millət vəkili Ceyhun Məmmədov isə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən danışaraq, gənclərin süni intellekt, proqramlaşdırma və rəqəmsal bacarıqlarının inkişafının vacibliyini qeyd edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Mirzə Cəfərzadə çıxışında müasir dövrdə təhsil sistemində baş verən yeniliklərin müəllimlərin fəaliyyətinə yeni tələblər irəli sürdüyünü diqqətə çatdırıb. Bildirib ki, rəqəmsal texnologiyaların təhsilə tətbiqi yalnız texniki məsələlərlə məhdudlaşmayıb, eyni zamanda müəllimlərin bu yeniliklərə uyğun hazırlanması, onların davamlı təlimlərə cəlb olunması və peşəkar bacarıqlarının artırılması ilə müşayiət olunmalıdır.
Digər çıxış edənlər rəqəmsal texnologiyalar və süni intellektin təhsildə rolu, innovativ yanaşmalar və beynəlxalq təcrübənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində rəqs nömrələri təqdim olunub, sonda isə iştirakçılara sertifikatlar verilib.













