Xəbərlər
Balaca fidanların şəhidlərə ehtiramı

26 sentyabr Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə balaca fidanlarla birlikdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fexreddin Eyvazov iştirak edib.
Balaca fidanların söylədiyi şeirlər, səsləndirdiyi vətənpərvərlik mahnıları, ifa etdikləri kompozisiyalar şəhidlərin müqəddəs ruhuna ehtiramın təzahürü olub. Onların saf və səmimi duyğuları şəhidlərimizin igidlik yolunu gələcək nəsillərə daşımağın ən gözəl nümunəsidir.
27 Sentyabr xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi qalır. Hüznlüdür, çünki ən əziz övladlarımız şəhidlik zirvəsinə ucalıb. Qürurludur, çünki məhz onların canı və qanı bahasına torpaqlarımız azad olunub, Azərbaycanın üçrəngli bayrağı Qarabağda dalğalanıb.
Şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu uşaq qəlbində möhkəmləndirmək bizim ən böyük vəzifəmizdir.






