Xəbərlər
BDU-da 5 Oktyabr – Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Biologiya fakültəsi və fakültənin nəzdində fəaliyyət göstərən Bioteam klubunun birgə təşkilatçılığı ilə 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi müəllim əməyinə hörmət və minnətdarlığı ifadə etmək, professor-müəllim heyətinin tələbələrin həyatında və inkişafında mühüm rolunu vurğulamaq, eləcə də müəllim və tələbələr arasında səmimi münasibətləri daha da möhkəmləndirmək olub.
Tədbirdə ilk olaraq Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək professor-müəllim heyətini Müəllimlər Günü münasibətilə təbrik edib, müəllimlik peşəsinin əhəmiyyətindən və müəllimlərin tələbələrin formalaşmasındakı rolundan bəhs edib.
Daha sonra Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev, Botanika və bitki fiziologiyası kafedrasının müdiri, professor Elşad Qurbanov çıxış edərək müəllim-tələbə münasibətlərinin əhəmiyyətindən danışıblar və professor-müəllim heyətini əlamətdar gün münasibətilə təbrik ediblər.
Tədbirin bədii hissəsində tələbələrin hazırladığı rəqs nömrələri, səhnəciklər, musiqi ifaları və şeir nümunələri təqdim olunub. Həmçinin müəllimlərin tələbələrin həyatındakı dəyərli rolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir yaradıcı çıxışlar, səmimi anlar və xoş ovqat şəraitində davam edib. Tələbələrin hazırladığı proqram müəllimlərə olan sevgi, hörmət və minnətdarlığın ifadəsinə çevrilib.










