Xəbərlər
BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Biologiya fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova çıxış edərək tarixi Zəfərin əhəmiyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən və bu qələbənin xalqımızın tarixindəki müstəsna rolundan bəhs edib.
Tədbir çərçivəsində Vətən müharibəsi qazisi Əli Zamanzadə və antiterror əməliyyatlarının iştirakçısı, Biologiya fakültəsinin tələbəsi Əlimusa Əliyev çıxış edərək döyüş yolları, yaşadıqları çətinliklər və qəhrəmanlıq xatirələrini tələbələrlə bölüşüblər.
Tədbirin bədii hissəsində tələbələrin ifasında Vətənə, qəhrəmanlığa və Zəfərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub.










