Xəbərlər
BDU-da Azərbaycan-Türkiyə qardaşlıq konserti: “Bir millətin nəğməsi”

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Bir millətin nəğməsi” adlı Azərbaycan-Türkiyə qardaşlıq konserti keçirilib.
Tədbirin açılışında çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, ortaq milli-mənəvi dəyərlərdən və bu birliyin gənclər arasında daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib. O, iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və həmrəylik münasibətlərinin bu gün də müxtəlif sahələrdə uğurla davam etdirildiyini bildirib.
BDU Türk Tələbə İdarəetmə Şurasının rəhbəri Mert Üstün çıxışında bu cür tədbirlərin Azərbaycan və Türkiyə gəncləri arasında dostluq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, tələbələr arasında mədəni inteqrasiyanın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Tədbir bədii hissə ilə davam edib. Konsert proqramında Azərbaycan və Türkiyəyə məxsus musiqilər səsləndirilib, müxtəlif bədii kompozisiyalar və çıxışlar təqdim olunub.
İştirakçılar tərəfindən maraqla qarşılanan konsertdə iki qardaş ölkənin ortaq mədəni dəyərləri, dostluq və qardaşlıq ruhu nümayiş etdirilib.









