“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da Bilik Günü qeyd olunub

15/09/2026, 03:58
xeber1

Bakı Dövlət Universitetində (BDU) 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.


Əvvəlcə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


BDU-nun rektoru Elçin Babayev yeni tədris ili münasibətilə müəllimləri, tələbələri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, 107 illik tarixə malik BDU ölkəmizdə elmə, təhsilə və intellektual inkişafa böyük töhfələr verib. 16 fakültəsi, 114 kafedrası, 25 mindən artıq tələbəsi və 3000-ə yaxın əməkdaşı olan Universitetin əsas gücü onun elmi məktəblərində, ənənələrində, müəllimlərində, tələbə və məzunlarındadır.


Elçin Babayev bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafının mühüm mərhələsini yaşayır, iqtisadiyyatımız güclənir, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. O vurğulayıb ki, BDU ölkənin əsas ali təhsil müəssisəsi kimi güclü elmin, müasir təhsilin və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması missiyasını uğurla yerinə yetirir.


Rektor Ümummilli Lider Heydər Əliyevin də məzunu olduğu BDU-da təhsil almağın böyük şərəf və məsuliyyət olduğunu diqqətə çatdırıb. O, tələbələrin BDU adını qürurla daşıyacaqlarına, ölkəmiz üçün layiqli vətəndaşlar və peşəkar kadrlar kimi yetişəcəklərinə əminliyini ifadə edib.


Rektor xatırladıb ki, bu il BDU-ya 5000-ə yaxın tələbə qəbul olunub. Onlardan 500 nəfərə yaxını qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.


Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında 1919-cu ildə yaradılan BDU-nun Azərbaycanın dövlət müstəqilliyinin ilk bəhrələrindən biri olduğunu bildirib. Akademik Universitetin ölkənin ali təhsil sistemində xüsusi mövqeyə malik olduğunu və universitet həyatının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, tələbələri əldə etdikləri bilik və bacarıqlarla Azərbaycan xalqına, ölkənin gələcəyinə və milli istiqlalın möhkəmlənməsinə xidmət etməyə çağırıb.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev tələbələri, professor-müəllim heyətini və valideynləri Bilik Günü münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. O, İctimai Nəzarət Şurasının tələbələrin müraciət və suallarına hər zaman açıq olduğunu bildirib.

2026/2027-ci tədris ilində BDU-nun bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasına (tədris ingilis dilində) 688,7 balla qəbul olunan ən yüksəkballı tələbə Ayan Musayeva Universitetə qəbul olmağın onun üçün böyük qürur və fəxr olduğunu bildirib, yeni tədris ilinin bütün tələbələr üçün uğurlu keçməsini arzulayıb.


Tədbir BDU-nun himninin səsləndirilməsi ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: