Xəbərlər
BDU-da “Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Kimya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə 4 oktyabr – Cəbrayıl rayonunun işğaldan azad olunması günü münasibətilə “Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirilib.
Tədbirdə Cəbrayıl rayonunun qədim və zəngin tarixi, işğal illərində üzləşdiyi çətinliklər, Vətən müharibəsi zamanı qazanılan Zəfər, eləcə də işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat verilib.
Tədbirdə çıxış edən Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Cəbrayıl rayonunun tarixi, keçmiş həyat tərzi və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən bəhs edib. O, doğma torpağın xalqımız üçün yalnız coğrafi ərazi deyil, həm də milli yaddaşımızın və tariximizin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Çıxışda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Qarabağın gələcəyi ilə bağlı müəyyən etdiyi strateji xəttin bu gün də uğurla davam etdirildiyi qeyd olunub. Həmçinin bu siyasi xəttin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə toxunulub, Cəbrayıl rayonunun müasir şəhər və yaşayış məkanına çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tələbələrin çıxışlarında Cəbrayıl torpağının tarixi və mənəvi əhəmiyyəti, Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələri, eləcə də gənc nəslin milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsindəki rolu öz əksini tapıb.
Tədbir Cəbrayılın tarixi keçmişinin, milli yaddaşımızdakı yerinin və rayonun dirçəlişi istiqamətində həyata keçirilən quruculuq işlərinin gənc nəslə çatdırılması baxımından əhəmiyyət daşıyıb.






