Xəbərlər
BDU-da “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib.
Forumdan əvvəl gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub.
Forumun açılış mərasimində BDU rektoru Elçin Babayev, Gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Prezident mükafatçısı, BDU məzunu Günay İmanzadə və Prezident təqaüdçüsü, BDU-nun 2025/2026-cı il üzrə ən yüksək balla qəbul olmuş tələbəsi Çiçək Hümmətli çıxış edib.
Sonra BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri elan olunub. Universitetin ictimai həyatında fəal iştirak edən bir sıra tələbələrə, BDU-nun gənclər təşkilatlarının üzvlərinə təşəkkürnamələr təqdim edilib. Daha sonra isə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Azərbaycan Gəncləri Günü münasibətilə hazırladığı bədii kompozisiya nümayiş olunub.
Tədbir “Dövlətçilik, təhsil və elm: Azərbaycan gəncliyinin strateji missiyası” mövzusunda panel müzakirə ilə davam edib.






















