Xəbərlər
BDU-da kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Milli Kibertəhlükəsizlik Agentliyi ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib.
Tədbirin açılışında çıxış edən Hüseynli Seyfəddin təlimin təşkilində göstərdiyi dəstəyə görə BDU THİK-ə və əməkdaşlığa görə Milli Kibertəhlükəsizlik Agentliyinə təşəkkürünü bildirib. O, çıxışında müasir dövrün aktual məsələlərindən biri olan kiberhücumlar və rəqəmsal mühitdə mövcud təhlükələr haqqında ilkin məlumat verərək bu sahədə maariflənmənin əhəmiyyətini vurğulayıb.
Daha sonra Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı Jalə Nəcəflinin təqdimatı ilə interaktiv təlimə start verilib. Təlim çərçivəsində fişinq (phishing) və vishing hücumları, onların həyata keçirilmə mexanizmləri və yaratdığı təhlükələr haqqında ətraflı məlumat verilib. Mövzuya dair praktiki nümunələr nümayiş etdirilib, iştirakçılara şəxsi məlumatların qorunması, kiberhücumların qarşısının alınması və belə hallarla qarşılaşdıqda atılmalı olan addımlar izah olunub.
İnteraktiv formatda davam edən təlim tələbələrin rəqəmsal təhlükəsizlik sahəsində biliklərinin artırılmasına, kibertəhdidlərin tanınması və onlardan qorunma bacarıqlarının formalaşdırılmasına xidmət edib.








