Xəbərlər
BDU-da “Narkomaniya ilə Mübarizə: Preventiv Metodlar və Sosial-Analitik Baxış” mövzusunda maarifləndirici görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT), “BDU könüllüləri” təşkilatı, Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə əməkdaşlığı ilə “Narkomaniya ilə Mübarizə: Preventiv Metodlar və Sosial-Analitik Baxış” adlı maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış edən TEC-in fakültə üzrə sədr müavini Zəhra Əhmədli narkomaniyanın cəmiyyətə mənfi təsirlərindən bəhs edərək, bu təhlükəli sosial problemin qarşısının alınmasında maarifləndirmənin əsas vasitələrdən biri olduğunu vurğulayıb.
TGT-nin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri Gülnar Babayeva tələbələri öz ətraflarında sağlam sosial mühit formalaşdırmağa və narkomaniyaya qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri İsmayıl İbrahimov könüllülük fəaliyyətinin cəmiyyətdə müsbət nümunə formalaşdırılmasındakı rolunu diqqətə çatdırıb. Təşkilatın sədr müavini Toğrul Şaxtaxtinski isə sağlam sosial mühitin zərərli vərdişlərə qarşı mübarizədə əhəmiyyətini qeyd edib.
TEC-in İnsan resursları (HR) üzrə nümayəndəsi Ali Novruzlu gənclərin inkişaflarını bilik və innovasiya üzərində qurmasının vacibliyini vurğulayıb. THİK-in fakültə üzrə Təşkilati Komandanın sədri Tural İsgəndərzadə isə tələbələrin sosial müdafiəsinin prioritet məsələlərdən biri olduğunu və bu istiqamətdə dəstəyin daim mövcud olduğunu bildirib.
Görüş interaktiv formatda davam edib. Tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.













