Xəbərlər
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti görüşü keçirilib. Layihənin üçüncü dərsinin qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı olub. Görüş “Ənənəvi jurnalistikanın müasir üslubda cilalanması” mövzusuna həsr olunub.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxışında layihənin professor Nəsir İmanquliyevin irsinin və jurnalistika ənənələrinin öyrənilməsi istiqamətində uğurlu nəticələr verdiyini, gənc jurnalistlərin təşəbbüsə böyük maraq göstərdiyini bildirib. O, ustad müəllimlərin yolunu davam etdirən peşəkar jurnalistlərlə görüşlərin tələbələr üçün əvəzolunmaz təcrübə olduğunu vurğulayıb.
Elçin Şıxlı çıxışında yerli və beynəlxalq media resurslarında rast gəlinən informasiya çirklənməsi hallarından bəhs edib. O, belə şəraitdə dezinformasiyanın sürətlə yayılmasının ciddi təhlükə yaratdığını qeyd edərək jurnalistikanın yüksək məsuliyyət tələb edən peşə olduğunu diqqətə çatdırıb. Natiq operativlik naminə dəqiqliyin arxa plana keçirilməsini tənqid edərək, dəqiqliyin peşəkarlığın əsas göstəricilərindən biri olduğunu vurğulayıb.
Əməkdar jurnalist vətəndaş jurnalistikasının genişlənməsinə də toxunaraq bunun peşəkar medianın nüfuzuna mənfi təsir göstərə biləcəyini bildirib. O, jurnalistikanın peşəkar fəaliyyət sahəsi olduğunu qeyd edərək, media materiallarının hazırlanmasında etik dəyər və prinsiplərə əməl edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Elçin Şıxlı müasir media resurslarının ənənəvi çap mediasını üstələməsindən, bu prosesin müsbət və mənfi tərəflərindən danışıb. O, onlayn media platformalarında baş verən kiberhücumların və server problemlərinin uzun illər ərzində toplanmış məlumat bazalarının itirilməsinə səbəb ola biləcəyini qeyd edib. Bu baxımdan ənənəvi çap mediasının məlumatların qorunması baxımından üstünlüklərini saxladığını, eyni zamanda müasir texnologiyalardan geri qalmamağın vacibliyini bildirib.
Görüşün davamında tələbələrin sualları cavablandırılıb.
Sonda Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihə çərçivəsində qarşıdakı görüşlər barədə məlumat verib və tələbələri müzakirələrdə fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi may ayının sonunadək davam edəcək.









