Xəbərlər
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin beşinci görüşü keçirilib. Görüşün qonağı Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə “Müasir dövrün publisistikası” mövzusunda çıxış edib.
BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova çıxışında Flora Xəlilzadənin Jurnalistika fakültəsi ilə sıx bağlılığını vurğulayıb. O, Əməkdar jurnalistin xatirələri, təcrübəsi və yaradıcılığı ilə tələbələrə dəyərli töhfə verəcəyinə inamını ifadə edərək iştirakçıları görüşdən maksimum faydalanmağa çağırıb.
Daha sonra Flora Xəlilzadə professor Nəsir İmanquliyev haqqında xatirələrini bölüşüb. O, Nəsir İmanquliyevin tələbələrin dostu, nəcib insan, dəyərli professor və əsl jurnalist kimi milli jurnalistikamızda silinməz iz qoyduğunu qeyd edib. Əməkdar jurnalist onun rəhbərlik etdiyi məktəbin yetirmələrini xoşbəxt adlandıraraq bildirib ki, Nəsir İmanquliyev sovet dövrünün məhdudiyyətlərinə baxmayaraq, tələbə jurnalistlərə milli mətbuat ənənələrini aşılayır, onların milli kimliklərini unutmamalarına çalışırdı. Həmçinin “Bakı” və “Baku” qəzetlərinin fakültə tələbələri üçün yaradıcılıq emalatxanası və ilk iş yeri rolunu oynadığını diqqətə çatdırıb.
Flora Xəlilzadə Nəsir İmanquliyevin formalaşdırdığı peşəkarlıq ənənələrinin bu gün də yaşadığını vurğulayaraq müasir publisistikada ənənə ilə yenilik arasında tarazlığın qorunmasının vacibliyini qeyd edib:
“Müasir publisistikada da hər şey ənənəviliyə dayanmalıdır. Bünövrəsiz bina tikilmədiyi kimi, ənənələrimizi tərk edərək müasirliyə qaça bilmərik. Amma yenilikdən də geri qalmamalıyıq. Əsl jurnalist bu balansı qorumalıdır”.
Əməkdar jurnalist fakültənin Famil Mehdi, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov kimi görkəmli müəllimlərinin tələbələrə aşıladığı vətəndaşlıq mövqeyi, milli kimlik və ədəbi redaktə ənənələrindən də bəhs edib. Jurnalistin ana dilinə, onun ədəbi və üslubi normalarına dərindən bələd olmasının, janrları tanımasının və publisistika sahəsində təcrübə qazanmasının peşəkar fəaliyyət üçün vacibliyini vurğulayıb. Bu baxımdan BDU-nun Jurnalistika fakültəsinin ölkənin ən yaxşı jurnalistika məktəblərindən biri olduğunu bildirib.
Görüşün davamında tələbələrin sualları cavablandırılıb.
Sonda çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva və Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihənin hər görüşünün tələbə jurnalistlərdə xoş təəssürat yaratdığını qeyd ediblər.











