Xəbərlər
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimi keçirilib.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında Nəsir İmanquliyevin Azərbaycanda peşəkar jurnalistlər nəslinin yetişməsindəki rolundan, ötən əsrin ikinci yarısında ölkə mətbuatında özünəməxsus yer tutan “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktoru kimi fəaliyyətindən bəhs edib.
Professor qeyd edib ki, Azərbaycan jurnalistikasında tətbiq olunan müasir xəbər tipləri Nəsir İmanquliyevin adı ilə bağlıdır. O, görkəmli jurnalisti həm peşəkar praktik jurnalist, həm də ciddi nəzəriyyəçi kimi tanıdığını vurğulayaraq onun 51 il ərzində fakültənin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışdığını diqqətə çatdırıb. Cahangir Məmmədli, həmçinin Nəsir İmanquliyevin zəngin irsinin bu gün də gələcək jurnalistlər üçün mühüm örnək olduğunu bildirib.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov ömrünü Universitetin, milli mətbuatın inkişafına və jurnalist kadrlarının hazırlanmasına həsr etmiş Nəsir İmanquliyevin Azərbaycanın ictimai-mədəni həyatında dərin iz qoyduğunu qeyd edib. O, professorun klassik ənənələrə söykənən maarifçilik fəaliyyətinin bəhrəsi olaraq Azərbaycan jurnalistikasında yeni bir məktəb formalaşdırdığını və çoxsaylı yetirmələr yetişdirdiyini vurğulayıb. Akif Rüstəmov Nəsir İmanquliyevin çətinliklərə baxmayaraq, ömrü boyu öz əqidəsinə sadiq qaldığını bildirib.
Daha sonra BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva və fakültə THİK-in sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə çıxış edərək Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüb, onun yaratdığı jurnalistika məktəbinin və müəllimlik ənənələrinin daim yaşayacağını qeyd ediblər.
Sonda Nəsir İmanquliyevin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədi daşıyan layihə aprel və may aylarında həftədə bir dəfə olmaqla təşkil ediləcək. Layihənin yekununda iştirakçıların professor Nəsir İmanquliyev haqqında mediada dərc olunan yazıları əsasında “Professor Nəsir İmanquliyev dərsləri – yazı müsabiqəsi” keçiriləcək, qaliblər təltif ediləcəklər.











