Xəbərlər
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü keçirilib. Layihənin ilk qonağı Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli olub. Görüş “Mətbuat tariximizdə “Bakı” və “Baku” qəzetlərinin yeri” mövzusuna həsr olunub.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxış edərək Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə həyata keçirilən layihə haqqında məlumat verib. O, bu kimi təşəbbüslərin bilavasitə tələbələr tərəfindən irəli sürülməsinin müsbət tendensiyaya çevrildiyini vurğulayıb.
Əməkdar jurnalist Zemfira Məhərrəmli çıxışında Nəsir İmanquliyevin qəzetçilik fəaliyyətində informasiyaya xüsusi önəm verdiyini qeyd edib. O, professorun uzun illər rəhbərlik etdiyi “Bakı” və “Baku” axşam qəzetlərinin təkcə Azərbaycan mətbuatında deyil, bütövlükdə milli mədəniyyət tarixində mühüm hadisə olduğunu bildirib.
Qonaq Nəsir İmanquliyevin jurnalistikada yaratdığı peşəkarlıq məktəbinin bu gün də yaşadığını, onun yetirmələrinin və müasir gənc jurnalistlərin həmin ənənələri davam etdirdiklərini diqqətə çatdırıb. Öz xatirələrini bölüşən Zemfira Məhərrəmli 20 ildən artıq çalışdığı “Bakı” və “Baku” qəzetlərinin onun jurnalist və ədəbi fəaliyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, Nəsir İmanquliyevin redaktorluğu dövründə qəzetdə azad sözə və fikrə geniş yer ayrıldığını, paytaxtın yenilikləri ilə yanaşı, şəhərin həlli vacib problemlərinin də işıqlandırıldığını qeyd edib.
Zemfira Məhərrəmli, həmçinin Nəsir İmanquliyevin peşəkar redaktor və təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılıq imkanlarının inkişafına böyük dəstək verdiyini bildirib. Onun sözlərinə görə, professorun həyat və yaradıcılığı müasir Azərbaycan jurnalistikası üçün dəyərli örnək, yaratdığı məktəb isə bu gün də davam edən peşəkarlıq ənənəsidir.
Sonda qonaq tələbələrin professor Nəsir İmanquliyevin həyat və yaradıcılığı ilə bağlı suallarını cavablandırıb.








