“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi keçirilib

21/05/2026, 03:36
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi keçirilib.


Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ən güclü tərəflərindən birinin zəngin ənənələrə malik olması və bu ənənələri daim inkişaf etdirməsi olduğunu bildirib. O qeyd edib ki, eyni xüsusiyyət Azərbaycan jurnalistikasına da xasdır. Bu gün həm Universitetin, həm də milli mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoymasının əsasında məhz ənənələrə sadiqlik dayanır. Prorektor gənclərin bu ənənələrdən bəhrələnərək peşəkar jurnalist kimi formalaşmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan jurnalistikasında öz dəst-xətti ilə seçilən tanınmış media nümayəndələrinin layihə çərçivəsində tələbələrlə görüşməsinin və dərslər keçməsinin təşəbbüsün əhəmiyyətini daha da artırdığını bildirib. Həmçinin layihənin davam etdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.


Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında professor Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı əvəzsiz rolundan bəhs edib. O bildirib ki, Nəsir İmanquliyev uzun illər “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərərək milli mətbuatın inkişafına mühüm töhfələr verib. Həmin dövrdə bu qəzetlər yalnız informasiya mənbəyi deyil, həm də gənc jurnalistlərin yetişdiyi peşəkar media məktəbi rolunu oynayıb. Rəşad Məcid qeyd edib ki, Nəsir İmanquliyev jurnalistikada özünəməxsus məktəb yaradaraq yüzlərlə gəncin peşəkar jurnalist kimi formalaşmasına dəstək olub. Onun yaratdığı jurnalistika məktəbinin obyektivlik, operativlik, məsuliyyət və milli dəyərlərə bağlılıq prinsiplərinə əsaslandığını vurğulayan Şura sədri bu məktəbin yetirmələrinin sonrakı illərdə Azərbaycan mediasının tanınmış simalarına çevrildiyini bildirib. O əlavə edib ki, müasir dövrdə jurnalistikanın qarşısında yeni çağırışlar dayansa da, Nəsir İmanquliyev kimi korifeylərin irsi gənc jurnalistlər üçün mühüm yol xəritəsi olaraq qalır.


Tədbirdə Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli və Jurnalistika fakültəsi üzrə THİK-in sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə də çıxış ediblər. Natiqlər layihənin gənclərin milli mətbuat tarixini daha yaxından öyrənməsi, peşəkar jurnalistika ənənələri ilə tanış olması və media sahəsində praktik biliklər əldə etməsi baxımından mühüm təşəbbüs olduğunu bildiriblər. Çıxışlarda Nəsir İmanquliyevin zəngin irsinin və yaratdığı jurnalistika məktəbinin bu gün də Azərbaycan mediası üçün örnək olduğu vurğulanıb.


Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev layihənin tələbələrin peşəkar jurnalistika mühiti ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, “Professor Nəsir İmanquliyev dərsləri” gənclərin milli mətbuat ənənələrini öyrənməsinə və praktik biliklər qazanmasına töhfə verir.

Sonda layihənin ikinci mərhələsinə start verildiyi və bu gündən etibarən məqalə müsabiqəsinin elan olunduğu diqqətə çatdırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: