“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub

07/05/2026, 03:11
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti görüşü keçirilib. Layihənin dördüncü dərsinin qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub. Görüş “Müasir mediada redaktə işi” mövzusuna həsr edilib.


Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışında bildirib ki, layihə çərçivəsində keçirilən hər bir görüş tələbələr üçün yeni təcrübə və bilik imkanları yaradır. Müasir medianın aktual məsələlərinə həsr olunan silsilə mühazirələrin professor Nəsir İmanquliyevin jurnalistika ənənələrini yaşatdığını vurğulayıb.

Daha sonra çıxış edən İlqar Rəsul redaktə işinin əsas məqamlarından bəhs edib. O, müasir mediada çalışan peşəkar jurnalistlərin böyük əksəriyyətinin Nəsir İmanquliyev məktəbinin yetirmələri olduğunu qeyd edərək jurnalistikada peşəkarlığın yazı ilə ölçüldüyünü bildirib.


“Jurnalistikada peşəkarlıq yazı ilə ölçülür. Məhz buna görə peşəkar jurnalistləri qələminə görə tanıyırlar. Əsas məsələlərdən biri peşəkarlıq yolunda yorulmadan səy göstərməkdir. Çünki yazdığımız hər bir sözü öz işimizlə müqəddəs edirik”, – deyə İlqar Rəsul vurğulayıb.


O, müasir mediada redaktə zamanı yersiz ixtisarlara yol verilməsindən və bunun müəlliflər tərəfindən birmənalı qarşılanmamasından da danışıb. Etik prinsiplərə və ədəbi dil normalarına riayət edilməsinin vacibliyini qeyd edərək müstəqil medianın hər şeyi yazmaq azadlığı anlamına gəlmədiyini bildirib. Jurnalistika fakültəsinin məzunlarının etik prinsiplərə daha çox əməl etdiyini diqqətə çatdırıb.


İlqar Rəsul informasiya bolluğu şəraitində dəqiqliyin operativliyə qurban verilməsinin yaratdığı problemlərə də toxunub. Bunun üslub, qrammatik və məntiqi səhvlərə, eləcə də faktların təhrif olunmasına səbəb ola biləcəyini vurğulayıb. Vətən müharibəsi dövründə baş verən dezinformasiya hallarını xatırladan qonaq jurnalistin əsas vəzifəsinin fakta xidmət etmək olduğunu bildirib:

“Onun üçün dəqiqlik peşəmizin əsas açarıdır. Jurnalist fakta xidmət etməlidir. Fakta xidmət edirsə, Vətəninə və millətinə xidmət edir”.


Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: