Xəbərlər
BDU-da “Qızların təhsilinə dəstək” layihəsinin iştirakçısı olan tələbələrlə görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsində iştirak edən BDU tələbələri ilə görüş keçirilib.
Əvvəlcə “Qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycanda zəngin maarifçilik ənənələrinin davam etdirilməsinin, qızların təhsil hüququnun təmin olunmasının və onların imkanlarının genişləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafı, humanizm dəyərlərinin təşviqi və qadınların ictimai həyatda fəal iştirakının dəstəklənməsi istiqamətindəki çoxşaxəli fəaliyyəti bu sahəyə mühüm töhfələr verir.
Rektor Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci ildən həyata keçirdiyi “Qızların təhsilinə dəstək” layihəsinin ölkəmizin maarifçilik ənənələrinin müasir dövrdə davam etdirilməsinin uğurlu nümunələrindən biri olduğunu vurğulayıb. Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan təqaüd proqramlarının qızların ali təhsil imkanlarını genişləndirməklə yanaşı, onların akademik, peşəkar və şəxsi inkişafına da dəstək verdiyini bildirib.
E.Babayev BDU-nun bu mühüm təşəbbüsün ən böyük iştirakçılarından biri olduğunu qeyd edib. Hazırda Universitetdə təhsil alan 67 tələbə qızın “Qızların təhsilinə dəstək” layihəsindən yararlandığını, onlardan 19-nun bu il yüksək qəbul balı ilə BDU-ya qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, BDU yarandığı gündən milli maarifçilik ənənələrinin yaşadılmasını, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını və gənclərin hərtərəfli inkişafını fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir. Hazırda Universitetdə təhsilalanların böyük hissəsini qızlar təşkil edir və onların keyfiyyətli təhsil alması, elmi tədqiqatlara cəlb olunması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və ictimai həyatda fəal iştirakının dəstəklənməsi üçün geniş imkanlar mövcuddur.
Rektor çıxışında böyük xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyevin qızların təhsili naminə göstərdiyi tarixi xidmətlərə də toxunaraq bu maarifçilik ənənələrinin gənc qızların uğurları ilə daha da zənginləşəcəyinə inamını ifadə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qızların təhsil almasına dəstək göstərilməsinin, onların sosial imkanlarından asılı olmayaraq təhsil prosesində iştirakının təmin edilməsinin cəmiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayıb. Bildirib ki, “Qızların təhsilinə dəstək” layihəsi məhz bu məqsədlə yaradılıb və illər ərzində ictimai həmrəyliyin, xeyirxahlığın və qadınların bir-birinə dəstəyinin uğurlu nümunəsinə çevrilib.
Layihənin ilkin mərhələsində 14 qızın təhsilinə dəstək göstərildiyini, sonrakı 5 il ərzində isə 730 qızın bu imkandan yararlandığını diqqətə çatdıran B.Muradova layihənin Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib. O, bu ildən Komitə tərəfindən Hacı Zeynalabdin Tağıyev adına yeni təqaüdün təsis edildiyini və 22 qızın həmin təqaüdə layiq görüldüyünü qeyd edib. Qarşıdakı il üçün əsas hədəfin təqaüd alanların sayını ən azı 100 nəfərə çatdırmaq olduğunu vurğulayıb. Həmçinin layihə məzunlarının oxuduqları universitetlərlə əlaqələrini gücləndirmələrinin və həmin ali təhsil müəssisələrində “Gənc qızların təhsilinə dəstək” klubları yaratmalarının vacibliyini diqqətə çatdırıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin əsas missiyasının istedadlı gənc qızları daha yaxşı gələcək qurmağa istiqamətləndirmək olduğunu bildirib. Fondun belə mühüm təşəbbüsün tərkib hissəsi olmasından məmnunluğunu ifadə edən N.Məmmədli layihə iştirakçılarının gələcək fəaliyyətlərində maarifçilik ideyalarını davam etdirəcəklərinə və özləri kimi istedadlı qızlara dəstək olacaqlarına əminliyini bildirib.
Daha sonra 2026-cı il üzrə layihənin iştirakçısı adını qazanan BDU tələbələrinə sertifikatlar təqdim olunub.
Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları – BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Fatimə Nəsirli, Hüquq fakültəsinin III kurs tələbəsi Güllü Abbasova, eləcə də “Qızların təhsilinə dəstək” layihəsinin BDU üzrə yeni koordinatoru, Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Mədinə Xəlilova layihənin istedadlı gənc qızların həyatında mühüm rol oynadığını bildirərək iştirakçılara uğurlar arzulayıblar.















