Xəbərlər
BDU-da turizm və hotelçilik sahəsində karyera imkanlarına həsr olunmuş seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Coğrafiya fakültəsi üzrə təşkilatçılığı ilə Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələr üçün “İxtisasdan karyeraya” mövzusunda seminar keçirilib.
Seminarda Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Vüqar Dərgahov çıxış edərək turizmin aktual istiqamətləri, dayanıqlı turizm, yerli turizm potensialının inkişafı və müasir turizm tendensiyaları barədə məlumat verib. O, həmçinin turizm sahəsində peşəkar bilik və bacarıqların formalaşdırılmasının əhəmiyyətinə toxunub.
Daha sonra “Dinamo Hotel Baku” hotelinin Assistant Front Office Manager-i İsgəndər Məmmədli hotel idarəçiliyinin təşkili, ön ofis xidmətinin fəaliyyət istiqamətləri, qonaqlarla düzgün ünsiyyətin qurulması və müştəri məmnuniyyətinin təmin olunması barədə danışıb. O, turizm və hotelçilik sahəsində uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, komanda ilə işləmək bacarığının və yüksək xidmət keyfiyyətinin vacibliyini vurğulayıb.
Seminarın əsas məqsədi Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrin ixtisasa marağını artırmaq, onları turizm və hotelçilik sahəsində mövcud karyera imkanları ilə tanış etmək və peşəkar inkişaflarına dəstək olmaq olub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, turizm və hotelçilik sahəsində gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb.







