Xəbərlər
BDU-nun Fizika fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) Fizika fakültəsi üzrə birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin müəllim heyəti və gənc qadın alimlər iştirak ediblər. Açılış zamanı qadınların cəmiyyətin inkişafında, elmin və təhsilin tərəqqisində oynadıqları mühüm roldan bəhs olunub, onların elmi fəaliyyətə cəlb edilməsinin və qazandıqları nailiyyətlərin təbliğinin əhəmiyyəti vurğulanıb.
Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib, onların elm və təhsil sahəsində əldə etdikləri uğurları yüksək qiymətləndirib.
Fakültənin dekanı Bəxtiyar Paşayev isə çıxışında qadınların fizika elminin inkişafındakı rolundan bəhs edərək, tələbə qızların elmi fəaliyyətə daha fəal cəlb olunmasının vacibliyini qeyd edib.
Tədbir çərçivəsində gənc qadın alimlər Leyla Ağayeva, Həbibə Şirinova, Şahnaz Tağıyeva və Lalə Qəhrəmanova çıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən, qadınların elmi sahədə qazandıqları nailiyyətlərdən danışıblar.
Tədbirin bədii hissəsində tələbə Sevgi Şirinova çıxış edib, həmçinin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş fotoçarx nümayiş etdirilib.
Sonda fakültənin qadın müəllimləri və tədbir iştirakçıları Fizika fakültəsinin rəhbərliyi tərəfindən bayram münasibətilə təbrik olunub, onlara gül dəstələri və təşəkkür sertifikatları təqdim edilib.








