Xəbərlər
BDU-nun Fizika fakültəsində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatı, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılışında Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edərək Novruz bayramının milli-mənəvi dəyərlərimiz sistemindəki əhəmiyyətindən bəhs edib. O, bayramın birlik, həmrəylik, yenilənmə və xeyirxahlıq kimi ali dəyərləri təbliğ etdiyini vurğulayaraq tələbələrin milli ənənələrə bağlı ruhda yetişməsinin vacibliyini qeyd edib. Daha sonra dekan müavini Məhəmməd Məhərrəmov iştirakçıları təbrik edərək Novruzun milli kimliyin qorunmasındakı roluna diqqət çəkib.
Tədbirin bədii hissəsində tələbə Sevgi Şirinovanın çıxışı və Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib. Həmçinin “BDU könüllüləri” təşkilatının “Könüllüband” üzvü Əli Balayev bayram mövzusunda mahnı ifa edib.
Tədbirin sonunda ənənəvi Novruz oyunları təşkil olunub, o cümlədən yumurta döyüşdürmə yarışı keçirilib. Yarışlarda fərqlənən fəal tələbələr mükafatlandırılıb. Tədbir bayram əhval-ruhiyyəsi və xoş təəssüratlarla yekunlaşıb.










