Xəbərlər
BDU-nun Geologiya fakültəsinin tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tələbələr üçün maarifləndirici və tarixi əhəmiyyət daşıyan tədbir təşkil olunub. Tədbir çərçivəsində fakültə tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Muzeyin müdiri Afət Seyidzadə çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən, müstəqil Azərbaycanın inkişafında oynadığı mühüm roldan bəhs edib. O, Ulu Öndərin milli dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin tərəqqisi və gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi mühüm işləri diqqətə çatdırıb.
Təqdimat zamanı tələbələr tarixi sənədlər, arxiv fotoşəkilləri, şəxsi əşyalar və digər nadir eksponatlar vasitəsilə Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olublar.
Ziyarətin sonunda tələbələr belə tədbirlərin milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və tarixi irsin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.






