Xəbərlər
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin bir qrup əməkdaşı fakültənin şəhid məzunu Şəhriyar Həbibinin Lənkəran rayonunun Osaküçə kəndində yerləşən məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Universitet əməkdaşları şəhidin ailəsinə də baş çəkiblər.
Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2010–2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Hərbi xidmət dövründə Aprel döyüşlərində, eləcə də Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Lənkəran rayonunun Osaküçə kəndində dəfn edilib.
Şəhriyar Həbibi ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



