Xəbərlər
BDU-nun Tarix fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Əbədi Qürur” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və fakültə nəzdində fəaliyyət göstərən “İstiqlal” klubunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Əbədi Qürur” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib O, qazanılmış tarixi Qələbənin milli birlik, dövlətçilik iradəsi və qəhrəman Azərbaycan əsgərinin şücaətinin təcəssümü olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Tarix fakültəsinin IV kurs, T1134 qrupunun tələbəsi Həsənov Məhəmmədin şəhid polkovnik-leytenant Soltan Məmmədovun əziz xatirəsinə həsr etdiyi “Bayrağa sarılan ömür” kitabının təqdimatı keçirilib. Müəllif çıxışında kitabın ərsəyə gəlmə prosesi, şəhidin həyat yolu, hərbi fəaliyyəti və Vətənə sədaqəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, əsər şəhidin qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq, Vətən sevgisini və milli yaddaşı yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bədii hissədə Tarix fakültəsinin II kurs tələbəsi Dilrubə Hidayətli “Vətən” mahnısını, II kurs tələbəsi Zəhra Hüseynli “Gözün aydın, Azərbaycan” şeirini, IV kurs tələbəsi Nəzrin Abdullayeva isə “Qurban olum Azərbaycan” mahnısını təqdim edib. III kurs tələbəsi Zərifə Kərimovanın ifasında nümayiş olunan “Uzundərə” rəqsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir boyunca təqdim olunan musiqi və bədii kompozisiyalar Zəfər sevincini, milli-mənəvi dəyərlərimizi və Vətənə bağlılıq hissini bir daha ön plana çıxarıb.
Sonda vurğulanıb ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında yalnız hərbi Qələbə kimi deyil, həm də milli qürurun, tarixi ədalətin bərpasının və dövlətçilik əzminin rəmzi kimi əbədi yaşayacaq.









