Xəbərlər
BDU tələbələri üçün Coğrafi İnformasiya Sistemlərinə dair üçgünlük təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Coğrafi İnformasiya Sistemləri (CİS)” mövzusunda üçgünlük təlim keçirilib.
Təlimlər Coğrafiya fakültəsinin CİS üzrə mütəxəssisi İsmayıl Rəhimli tərəfindən aparılıb. İştirakçılara CİS-in nəzəri və praktiki əsasları, müasir dövrdə tətbiq sahələri və rəqəmsal xəritələşdirmə texnologiyalarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Təlimin ilk günündə məkan məlumatlarının toplanması, emalı, idarə olunması və vizuallaşdırılması prinsipləri izah edilib. CİS texnologiyalarının ekologiya, şəhərsalma, kənd təsərrüfatı, nəqliyyat və regional planlaşdırma sahələrində tətbiqi nümunələr əsasında təqdim olunub.
Növbəti sessiyada iştirakçılar “ArcGIS” proqramının funksional imkanları ilə tanış olub, proqramın interfeysi, koordinat sistemləri, laylarla işləmə prinsipləri, atribut məlumatlarının idarə olunması və məkan analiz metodları barədə biliklərini genişləndiriblər. Praktiki hissədə müxtəlif coğrafi məlumatların emalı, tematik xəritələrin hazırlanması və məkan analizlərinin aparılması üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin son günündə iştirakçılar əldə etdikləri bilik və bacarıqları tətbiq edərək hazırladıqları xəritə layihələrini təqdim ediblər. Layihələrin texniki quruluşu, kartoqrafik dizaynı və analitik yanaşmaları müzakirə olunub, iştirakçılara müvafiq rəy və tövsiyələr verilib.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.









