Xəbərlər
BDU THİK-in təşkilatçılığı ilə “PsixoSfera: Düşüncə, emosiya, davranış” adlı psixoloji təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial Elmlər və Psixologiya fakültəsi üzrə təşkilatçılığı ilə “PsixoSfera: Düşüncə, emosiya, davranış” adlı psixoloji təlim keçirilib.
Tədbirin əsas məqsədi tələbələrin düşüncə, emosiya və davranış arasındakı əlaqəni daha dərindən dərk etmələrinə, emosional özünüifadə və ünsiyyət bacarıqlarını inkişaf etdirmələrinə, eləcə də interaktiv fəaliyyətlər vasitəsilə psixoloji biliklərini artırmalarına dəstək olmaq olub.
Təlimin açılışında psixoloq-psixoterapevt Firuzə Əliyeva çıxış edərək düşüncə, emosiya və davranış arasındakı qarşılıqlı əlaqə, onların insanın gündəlik həyatına və davranışlarına təsiri barədə danışıb.
Daha sonra iştirakçılar üçün emosiyalarla bağlı interaktiv oyun təşkil olunub. Oyun zamanı tələbələr müxtəlif emosiyaları özünəməxsus şəkildə ifadə edərək hisslərini tanımaq və ifadə etmək imkanı əldə ediblər.
Təlimin davamında “Mesaj necə dəyişdi?” adlı pıçıltı oyunu keçirilib. Məlumatın iştirakçılar arasında ötürülməsi əsasında təşkil olunan oyun ünsiyyət prosesində mesajın necə dəyişə biləcəyini əyani şəkildə nümayiş etdirib.
Proqram çərçivəsində musiqi terapiyası fəaliyyəti də həyata keçirilib. Bu zaman musiqinin emosional vəziyyətə təsiri və hisslərin ifadəsindəki rolu diqqət mərkəzində olub.
Tədbirin sonunda iştirakçılar Binə Atçılıq Mərkəzində gəzintidə iştirak edərək mərkəzin fəaliyyəti ilə tanış olublar. Beləliklə, psixoloji biliklərin interaktiv fəaliyyətlərlə birləşdirildiyi təlim tələbələrə həm yeni biliklər, həm də fərqli təcrübə qazanmaq imkanı yaradıb.







