Xəbərlər
Bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turları BDU və AzTU-da keçirilib
Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turları keçirilib.
Seçim turlarından biri Bakı Dövlət Universitetində baş tutub. Burada universitetin 24 nominasiya üzrə 77 tələbəsi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4 tələbəsi və İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 2 tələbəsi münsiflər heyəti qarşısında çıxış edərək öz istedadlarını nümayiş etdiriblər. Seçim mərhələsi maraqlı və yaddaqalan anlarla yadda qalıb.
Növbəti seçim turu Azərbaycan Texniki Universitetində keçirilib. Universitetin 20 tələbəsi 16 nominasiya üzrə vokal ifaçılığı, bədii qiraət, instrumental ifa və səhnə kompozisiyaları kimi müxtəlif istiqamətlərdə çıxış edərək yaradıcılıqlarını təqdim ediblər.
Hər iki ali təhsil müəssisəsində keçirilən seçim mərhələləri tələbələrin yüksək hazırlıq səviyyəsi və səhnə mədəniyyəti ilə seçilib. Rəngarəng çıxışlar münsiflər heyətinin marağına səbəb olub.
Qeyd edək ki, seçim mərhələlərinin nəticələrinə əsasən fərqlənən iştirakçılar Heydər Əliyev Sarayında keçiriləcək yekun mərhələdə çıxış etmək hüququ qazanacaq və qaliblər mükafatlarla təltif olunacaqlar.







