Xəbərlər
Bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turları Odlar Yurdu Universitetində keçirilib

Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turu Odlar Yurdu Universitetində yüksək təşkilatçılıq və yaradıcı mühit fonunda baş tutub.
Seçim turunda iştirak edən tələbələr musiqi ifaçılığı, vokal sənəti, instrumental ifa, bədii qiraət, səhnə kompozisiyası və digər yaradıcı istiqamətlər üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqədə Odlar Yurdu Universitetindən 15, Bakı Biznes Universitetindən 14, Bakı Qızlar Universitetindən 34 və Azərbaycan İdman Akademiyasından 6 tələbə iştirak edərək müxtəlif nominasiyalar üzrə bədii-estetik potensiallarını sərgiləyiblər.
Qeyd edək ki, seçim mərhələlərinin nəticələrinə əsasən fərqlənən iştirakçılar Heydər Əliyev Sarayında keçiriləcək yekun mərhələdə çıxış etmək hüququ qazanacaq və qaliblər mükafatlarla təltif olunacaqlar.










