Xəbərlər
Bərdə rayonunun təhsil işçiləri Şəki Yaylasına ekskursiya ediblər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Alacadırlı tam orta məktəbinin kollektivi üçün Şəki Yaylasına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Şəki Yaylasının füsunkar təbiəti ilə yaxından tanış olub, bölgənin ecazkar mənzərələrini seyr edərək xoş və mənalı istirahət keçiriblər. Ekskursiya iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb, kollektiv üzvləri arasında ünsiyyətin və dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətlərinin təmin edilməsi istiqamətində bu kimi tədbirlərin davam etdirilməsini nəzərdə tutur.






