Xəbərlər
Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil işçilərinə xüsusi diqqət

Yasamal rayonunda Beynəlxalq Qadınlar Günü ərəfəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir. Bu dəfə komitə nümayəndələri 286 nömrəli tam orta ümumtəhsil məktəbinə səfər ediblər.
Təşkil olunan görüşdə məktəbin qadın müəllimə və təhsil işçiləri ilə səmimi söhbət aparılıb. Onların təhsil sahəsindəki yorulmaz zəhməti, gənc nəslin tərbiyəsindəki misilsiz xidmətləri yüksək qiymətləndirilib. ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək, təhsil işçilərinin cəmiyyətdəki əvəzsiz yerini və onların əməyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Məktəbin direktoru, həm də ittifaqın fəal üzvü olan Samir Mehti-Zadə də söz alaraq həmkarlarına minnətdarlığını bildirib, onların gündəlik fədakar işlərinin məktəbin ümumi uğurlarındakı rolunu qeyd edib.
Tədbirin yekununda məktəbin bir qrup qadın əməkdaşı fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olunub. Görüş isti və səmimi ab-havada keçib, iştirakçılar belə tədbirlərin əməyə verilən dəyəri artırdığını, həmkarlıq əlaqələrini möhkəmləndirdiyini vurğulayıblar.










