Xəbərlər
Bideyiz məktəbinin Şuşa gəzintisi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin dəstəyi ilə Şəki rayonu Bideyiz kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün ölkəmizin dilbər guşələrindən olan Şuşa şəhərinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı kollektiv üzvləri Şuşanın zəngin tarixi və mədəni irsi, füsunkar təbiəti ilə yaxından tanış olub, şəhərin görməli yerlərini ziyarət ediblər. Səfər çərçivəsində iştirakçılar Şuşanın tarixi məkanlarını, bərpa və yenidənqurma işlərinin nəticələrini böyük maraqla izləyiblər.
Səfərin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin tarixi-mədəni irsi ilə yaxından tanışlığının təmin edilməsi və kollektivdə həmrəylik və dostluq münasibətlərinin möhkəmləndirilməsidir.
Kollektiv üzvləri göstərilən diqqət və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinə minnətdarlıqlarını bildiriblər.





