Xəbərlər
“Bir ömrün müəllimlik salnaməsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zəhra İbrahimovanın anadan olmasının 74 illiyi münasibətilə bədii-yaradıcılıq tədbiri keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxışlarda vurğulanıb ki, müəllimlik peşənin daşıyıcısı olan Zəhra İbrahimova uzun illər ərzində göstərdiyi xidmətlərə görə “Əməkdar müəllim”, “İlin müəllimi” və “Baş müəllim” kimi fəxri adlara layiq görülüb.
Zəhra müəllimin yetirmələri respublika fənn olimpiadalarında, müxtəlif elm yarışlarında və müsabiqələrdə yüksək nailiyyətlər qazanıblar. Bu gün əmək veteranı olmasına baxmayaraq,Ağcabədi Rayon Ağsaqqallar Şurasının fəal üzvlərindən biridir.
Tədbirdə “Aran yolu” qəzetinin baş redaktoru Məhsəti Musa, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşı Əliş Rüstəmli, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz Sevindik, Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin direktoru Mətanət Quliyeva və Zəhra müəllimlə uzun illər birgə çalışmış ziyalı Tofiq Zeynalov çıxış edərək onun həyat və fəaliyyətindən, pedaqoji xidmətlərindən və unudulmaz xatirələrindən bəhs ediblər.
ETİHİ Ağcabədi Rayon Komitəsi adından hörmətli Zəhra müəllimi 74 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni uğurlar arzulayırıq!






















