Xəbərlər
Bir qrup müəllimə Beynəlxalq Müəllimlər Günü münasibətilə hədiyyə təqdim olunub

Sentyabrın 30-da Qəbələdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllimlə görüş keçirilib.
Qəbələ təhsil sektorunda təşkil olunan tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin daxili nəzarət və keyfiyyət üzrə müşaviri Natiq Zamanov, Sektor müdiri Arifə Bayramova, ETİHİ-nin Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, sektorun struktur bölmə rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Sektor Müdiri Arifə Bayramova tədbir iştirakçılarını salamlayıb, gənc nəslin sağlam və vətənpərvər ruhda tərbiyə almasında, vətəninə və dövlətinə layiq vətəndaş kimi formalaşmasında müəllim əməyinin əvəzedilməz rolundan bəhs edərək eyni zamanda bu il keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq şimal-qərb bölgəsinə təyinat alan yeni pedaqoqlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayaraq bütün təhsil işçilərini qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edib.
Daha sonra çıxış edən Natiq Zamanov bölgədə təhsilin inkişafı, əldə olunan nailiyyətlər barədə danışıb, bütün uğurların müəllimlərin fədakar əməyi nəticəsində mümkün olduğunu vurğulayıb.
Sonda bir qrup təhsil işçisinə ETİHİ Respublika Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
Görüşdən sonra, ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Natiq Zamanov, Sektor Müdiri Arifə Bayramova və Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov pedaqoji fəaliyyətlərini davam etdirən şəhid anası– Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Qəribova Könül Comərd qızı təhsil müəssisələrində ziyarət edərək onu qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edib, ETİHİ Respublika Komitəsinin hədiyyələrini təqdim ediblər.





