Xəbərlər
BMU-da Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Universitet rəhbərliyi, Milli Məclis üzvləri, elm və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində, həmçinin 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi altında çalışmış Mehrac Əliyevin fəaliyyətinə həsr edilən “Mənalı və şərəfli ömürdən səhifələr” adlı kitab təqdim olunub.
BMU-nun rektoru Yaqub Piriyev açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin memarı, milli ideologiyanın və ölkəmizin hərtərəfli inkişaf strategiyasının banisi kimi tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ciddi tarixi sınaqlardan uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoyub, hüquqi dövlət quruculuğu istiqamətində fundamental addımlar atılıb, iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm baza formalaşdırılıb. Eyni zamanda, milli təhsil strategiyasının müəyyənləşdirilməsi, elm və mədəniyyətin inkişafı, gənclərin savadlı və vətənpərvər ruhda yetişdirilməsi onun fəaliyyətinin əsas prioritetlərindən olub. 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün Azərbaycanda yaratdığı ağır siyasi böhran, idarəetmədəki zəiflik, iqtisadi tənəzzül və sosial gərginlikdən danışan rektor bildirib ki, bütün sferalarda uğursuzluqlar ölkənin suverenliyi üçün ciddi təhlükə yaratmışdı. Belə bir mürəkkəb tarixi mərhələdə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında həlledici rol oynayıb.







