Xəbərlər
BMU-da Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində Ümumi fənlər, Azərbaycan dili və pedadogika və Dizayn kafedralarının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Sözün işığında” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı filmi izləyiblər. Daha sonra çıxışlarda görkəmli şairin Azərbaycan ədəbiyyatındakı xüsusi yeri, milli-mənəvi dəyərlərin təbliğində rolu və poeziyasının gələcək nəsillər üçün əhəmiyyəti vurğulanıb.
Ədəbi-bədii kompozisiyalar, şeir nümunələri, musiqi ifaları və rəqs nömrələri ilə davam edən tədbirdə BMU tələbələri Səməd Vurğunun yaradıcılığına həsr olunmuş çıxışlar ediblər. Tədbirdə həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər.
Sonda Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin sözlərinə bəstələnmiş mahnı səsləndirilib və tədbir yüksək əhval-ruhiyyə ilə başa çatıb.








