Xəbərlər
Çalışmanın yaş həddi

ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Allahverdiyev Nadir və həmkarlar təşkilatının sədri Məmmədov Razi Rafiq oğlunun təşkilatçılığı ilə yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən ibtidai sinif müəllimi Rüstəmova Nəzakət Əhmədalı qızı ilə görüş keçirildi.
Tədbirdə ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı qazi Heydərov Elşad Teymur oğlu Nəzakət müəllimin oğlu,Sixəliyev Sənan Sabir oğlu, məktəbin pedaqoji kollektivi və Nəzakət müəllimin yetirmələri iştirak etdilər.
Çıxış edən Sixəliyeva Gültəkin Sabir qızı Nəzakət müəllimin zəngin həyat yolu, pedaqoji fəaliyyəti, əldə etdiyi uğurlar, ictimai fəaliyyəti və gənc nəslin yetişdirilməsindəki xidmətləri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, bu gün onun yetişdirdiyi çoxsaylı şagirdlər təhsil sahəsində müəllim kimi fəaliyyət göstərirlər.
Tədbir iştirakçıları Nəzakət müəllim haqqında xoş sözlər söyləyərək onun peşəsinə sədaqətindən, yüksək insani keyfiyyətlərindən bəhs etdilər. Bildirildi ki, o, həm də Qarabağ müharibəsində şücaət göstərərək orden və medallarla təltif olunmuş bir övladın anası, nəvələrinin qayğıkeş nənəsidir.
Məktəb kollektivinin üzvləri Nəzakət müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirərək ona gələcək həyatında cansağlığı və uğurlar arzuladılar. Vəzifə öhdəliklərini daim məsuliyyətlə yerinə yetirən, gənc müəllimlərə hər zaman dəstək olan Nəzakət müəllim çıxış edərək belə bir görüşün təşkilində əməyi olan hər kəsə səmimi təşəkkürünü bildirdi.




















