Xəbərlər
Çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri ilə görüş keçirilib
Avqustun 11-də ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova çalışmanın yaş həddinə çatmış Nic qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Venera Baxışova ilə görüşüblər.
Görüşdə çıxış edən ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov Venera Baxışovanın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətdən, məktəbin inkişafına verdiyi töhfələrdən bəhs edərək Venera Baxışovaya sağlam ömür arzulayıb.
Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova çıxışında Venera Baxışovanın təhsil sahəsindəki çoxillik fəaliyyətini yüksək qiymətləndirib, rəhbərlik etdiyi müddətdə məktəbin uğurlarında onun əməyinin xüsusi rolunu qeyd edib. Sektor müdiri Venera Baxışovaya göstərdiyi fədakar əməyə görə təşəkkürünü bildirib və gələcək həyatında uğurlar arzulayıb.
Daha sonra Venera Baxışova çıxış edərək ona göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, təhsil sahəsində fəaliyyət göstərdiyi illər ərzində qazandığı xoş xatirələri bölüşüb.
Sonda Venera Baxışovaya ETİHİ Qəbələ Rayon Komitəsinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.



