Xəbərlər
Coğrafiya aylığı çərçivəsində maraqlı ekskursiya

Göyçay rayon Hacırəhim Əfəndi adına Qaraman kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Müşviq Əhmədovun təşəbbüsü ilə şagirdlər üçün maarifləndirici ekskursiya təşkil olunub. Coğrafiya aylığı çərçivəsində keçirilən bu ekskursiya zamanı şagirdlər Göyçay Hidrometeoroloji Stansiyasında olublar.
Ekskursiya zamanı şagirdlərə hava şəraitinin müşahidəsi, meteoroloji ölçmələrin aparılması, temperatur, yağıntı, külək və digər təbiət hadisələrinin necə qeydə alındığı barədə ətraflı məlumat verilib. Şagirdlər stansiyada istifadə olunan cihazlarla yaxından tanış olub, onların işləmə prinsiplərini öyrənərək coğrafiya fənni üzrə biliklərini daha da zənginləşdiriblər.
Belə maarifləndirici və faydalı tədbirin təşkilinə görə coğrafiya müəllimi Müşviq Əhmədova təşəkkürümüzü bildirir, şagirdlərin dünyagörüşünün artırılması istiqamətində gördüyü işlərdə uğurlar arzulayırıq.



