Xəbərlər
Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumrayon toplantısı
Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumrayon toplantısı keçirilib, Ulu Öndərin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təşkil olunub. Toplantıda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, çoxsaylı YAP fəalları, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzülərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib. Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbir Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Mədəniyyət və incəsənət” şöbəsinin bədii rəhbəri Anar Əsgərov olan Qəmbər Hüseynli adına İnstrumental Ansamblın Ulu Öndər Heydər Əliyevin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı ilə davam etmişdir.



