Xəbərlər
Dekabrın 21-də ETİHİ Xətai Rayon Komitəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbiri təşkil etmişdir.

Tədbirdə təhsil müəssisələri üzrə ilk həmkarlar təşkilatlarının sədrləri və rayon komitəsinin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin adından salamlamış, onları əlamətdar bayramlar münasibətilə səmimi-qəlbdən təbrik etmişdir.
O, çıxışında Elm və Təhsil İşçiləri Həmkarları İttifaqının öz üzvlərini daim diqqət mərkəzində saxladığını, onlara hər zaman müvafiq dəstək və köməklik göstərildiyini vurğulamışdır. Eyni zamanda, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, habelə qanuni mənafelərinin müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən ilk həmkarlar təşkilatlarının sədrləri də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbir iştirakçıları üçün təşkil olunan ziyafət və musiqi nömrələri bayram əhval-ruhiyyəsini daha da yüksəltmiş, tədbirin yaddaqalan və maraqlı keçməsinə xüsusi rəng qatmışdır.









