Xəbərlər
Dekabrın 5-də Milli Məclisin Elm və təhsil komitəsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.

Dekabrın 5-də Milli Məclisin Elm və təhsil komitəsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. İştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, tədbir bir dəqiqəlik sükutla açılıb və videoçarx nümayiş etdirilib.
Konfransı SDU-nun rektoru professor Əminağa Sadıqov açaraq tədbirin əhəmiyyətini, konfransın bir neçə gün davam edəcəyini və fakültələrdə məruzələrin dinləniləcəyini bildirib. O, Milli Məclisin üzvlərinin iştirakının önəmini, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsini və bu çərçivədə SDU-da keçirilən tədbirləri qeyd edib. Heydər Əliyevin rəhbərliyi dövrlərində ölkənin, xüsusilə elm və təhsilin inkişafını, yeni məktəblərin tikintisini, təhsil müəssisələrinin genişləndirilməsini və gənclərin SSRİ universitetlərində təhsil imkanlarını vurğulayıb.
Ə.Sadıqov Ulu Öndərin şəxsi keyfiyyətlərinin gənclər üçün nümunə olduğunu, məsuliyyət və işgüzarlığın vacibliyini qeyd edib. Konfransda Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov Heydər Əliyevin tarix yaradan və özü haqqında tarix yazılan nadir şəxsiyyət olduğunu bildirib, onun dövlətçilik irsi, milli maraqların müdafiəsi və Azərbaycan dilinə xidmətləri barədə faktlar səsləndirib. O, Prezident İlham Əliyevin bu ideyaları davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb.
Tədbirdə Elm və təhsil komitəsinin üzvləri və SDU THİK-in sədri Elmin Novruzlu çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik, strateji layihələr və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi sahəsindəki xidmətlərini şərh ediblər.





















