“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Didivan gölünə yaddaqalan səfər

10/06/2026, 12:22
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsinin təşkilatlarından olan Ağstafa rayon Dağkəsəmən kənd tam orta məktəbinin kollektivi Qazax rayonunun füsunkar təbiət guşələrindən biri olan Didivan gölünə yaddaqalan səfər etmişdir.

Didivan gölü özünəməxsus təbii gözəllikləri, saf havası və əsrarəngiz mənzərələri ilə bölgənin ən diqqətçəkən istirahət məkanlarından biridir. Gölün ətrafını əhatə edən yaşıl örtük, müxtəlif ağac növləri, rəngarəng çiçəklər və quş səsləri buraya gələn hər kəsdə xoş ovqat yaradır. Sakit və şəffaf suları ətrafdakı təbiət mənzərəsini özündə əks etdirərək bənzərsiz görüntü formalaşdırır. Xüsusilə yaz və yay aylarında gölün ətrafı təbiətsevərlərin, istirahət etmək istəyən insanların sevimli məkanına çevrilir.

Səfər zamanı kollektiv üzvləri göl ətrafında gəzintilər etmiş, təbiətin gözəlliklərini yaxından seyr etmiş, gündəlik iş qayğılarından uzaqlaşaraq mənəvi rahatlıq tapmışlar. Belə ekskursiyalar kollektiv üzvləri arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir.

İştirakçılar Didivan gölünün valehedici təbiətindən böyük zövq aldıqlarını bildirərək, belə səfərlərin insanların həm fiziki, həm də mənəvi cəhətdən dincəlməsi üçün əvəzsiz imkan yaratdığını vurğulamışlar. Kollektiv üzvləri onlara yaradılan şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını ifadə etmiş, bu cür tədbirlərin davamlı olmasını arzulamışlar.

Təbiətin qoynunda keçirilən hər bir belə səfər təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, onların sağlam və məhsuldar fəaliyyətinə stimul verən mühüm tədbirlərdən biridir. Didivan gölünə təşkil olunan bu ekskursiya da iştirakçıların yaddaşında xoş və unudulmaz xatirə kimi qalacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: