Xəbərlər
"İdman sağlamlığın və birliyin rəmzidir"

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin və Şəki rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində "İdman sağlamlığn və birliyin rəmzidir" adlı tədbir keçirilib.
Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati-təşkilat şöbəsinin müdiri Rauf Əsədov, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev, məktəbin direktoru Gülnarə Nəsibova, idman müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə idmanın inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti, Mehriban xanım Əliyevanın isə Azərbaycan Gimnastika Federasiyasının rəhbəri olması dövlətin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin gedişində bir qrup idman müəllimi ETİHİ Şəki Şəhər Komitəsinin və Şəki rayonu üzrə Təhsil Sektorunun Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunub.
Daha sonra tədbirin bədii hissəsində məktəbin şagirdləri müxtəlif idman növləri üzrə maraqlı çıxışlar nümayiş etdiriblər. Karate və gimnastika üzrə nümunəvi çıxışlar, milli rəqs nümunələri və məktəbin idman müəllimi Akşin İbrahimovun rəhbərliyi ilə təşkil olunan “Şən startlar” yarışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


























